Xoşbəxtlik düşmənləri
Xoşbəxtlik düşmənləri kimdir və onlardan necə qorunaq?
Kimdir axı bu "xoşbəxtlik düşmənləri"? Onları necə tanıyaq? Özümüzü onlardan necə qoruyaq?
Gəlin, düşünək ki, həyatınızda hər şey möhtəşəm gedir. Çox sevinclisiniz və bunu yaxınlarınızla bölüşmək qərarına gəlirsiniz. Gələn cavabların bəziləri təqribən belə olur:
"Qonşumun qızında da belə olmuşdu sonra gördü oğlanın əsl üzünü boşandılar".
"Müdirin indi təzəsən deyə özünü yaxşı göstərir sonra görəcəksən, yaxşı müdir yoxdur".
"Uşağın indi belə sakit olmağına baxma biraz böyüsün oyun açacaq başına".
"Nişanlı vaxtı hamısı belə qayğıkeş olur, toydan sonra başlayır qırğın-dava".
Yuxarıdaki misalları sonsuz qədər yazıb sizi yormaq istəmirəm amma siz nə demək istədiyimi yaxşı başa düşdünüz. "Xoşbəxtlik düşmənləri" sizi "düşündüklərini" iddia edərək bütün xoşbəxt anlarınızın çox qısa çəkəcəyinə təkidlə sizi inandırmağa çalışır. Əgər bu barədə iradəniz və inancınız biraz zəifdirsə beyniniz onların dediklərini həqiqət kimi qəbul edir və başlayırsınız həqiqətən də neqativ hadisələri yaşamağa.
"Xoşbəxtlik düşmənləri" bu anda yenidən həyatınıza daxil olur və "gördüün? Mən demişdim" deyir. Və siz də bütün gözəl anların qısa çəkdiyinə sübutla inanmış olursunuz.
Həyatımızı inanclarımız, seçimlərimiz və yaşamaq istədiklərimiz formalaşdırır. Nəyə inansanız gec-tez onu yaşayacaqsınız. Ətrafınıza diqqətlə baxın. Həyatınızda "xoşbəxtlik düşməni" varmı? Onu nə qədər dinləyirsiniz? Nə qədər inanırsınız ona? Həyatınızda tərs gedən nələrin səbəbi onlar ola bilər?
Bugündən başlayın müşahidə etməyə. "İşim çox pis gedir" dedikdə yanınızda olub, "işim çox yaxşı gedir" dedikdə sizi tezliklə əksinin olacağına inandırmağa çalışanlar kimdir? "Xoşbəxtlik düşmənlər"inizi bugündən tanıyın.
