Gələcək qorxuları
Gələcək qorxularımdan necə azad olum?
2/29/20242 min read
Gələcək qorxusu bizim gələcəkdəki versiyamızın yaşayacaqlarından narahat olduğumuz və bunu dəyişdirmək istədiyimiz hisdir. Bu hissi üzərimizdən atmağın bir neçə yolu təbii ki var:
Bugün dünənin gələcəyidir və gələcəkdə özümüzə verməli olduğumuz tək şey gözəl bir keçmişdir. Bugün öz xoşbəxtliyimiz, sağlamlığımız üçün nə etdik? Məsələyə bunu düşünərək başlamalıyıq. 🤓
Uzun müddətli və böyük hədəflər gələcək qorxusu yaradır. Bunun əvəzinə hər gün həmin günü dolu keçirmək üçün kiçik hədəflər bəlli edib bunları həyata keçirmək lazımdır. Bu həm də şüuraltında "mən bacarıram" kodunu yaradacaq və zamanla hər işimiz özümüz də təsəvvür etməyəcəyimiz rahatlıqda gedəcək. 🤩
Sabah yaşayacağımızın qarantiyasını bizə kim verir? Yola bunu düşünərək çıxmaq lazımdır. Bu o demək deyil ki, bugün gələcəyinizi təhlükəyə atacaq qərarlar verəsiniz. Əksinə bugünü güclü inşa edənin gələcəyi sağlam təməllər üzərinə qurulur. Səhər oyanıb bizə verilən 24 saatı ən səmərəli və ən xoşbəxt şəkildə keçirək. Anı yaşayıb özümüzə təşəkkür edək. 🥰
Həyata keçirdiyiniz hər plana görə özünüzü mükafatlandırın. Məsələn: "Bugün evi yığışdıracam" planından sonra sevdiyiniz filmə baxaraq çay içməyi xəyal edin və bunu həyata keçirin. 😌
Gələcək qorxularınızdan biri yaxşı işdir? Bəs bunun üçün bugün nə edirsiniz? "Əşi indi iş var?", "Pulsuz işə girmək olmur", "Tanışsız kimdiye məni işə götürən?", "Karantindir heç kim işçi axtarmır" kimi fikirləri atırsınız zibil qabına. Bunların heç biri həqiqətə tam olaraq uyğun deyil. Sadəcə indi kadr çox olduğuna görə hamı ən yaxşılarla işləmək istəyir. Sabah ən yaxşı olmaq üçün bugündən öyrənməyə başlayın. 😉
Yaxşı iş üçün sadəcə diplom əlbəttə kifayət deyil. Xarici dil, kompyuter proqramları, səlis nitq, sertifikatlar, şəxsi inkişaf və s. mövzular üzərində bugündən işləyin. Bunlar sizin 100 nəfər içində belə işığınızın parlamasına səbəb olacaq. 🥳
Gələcək qorxularından xilas olmaq üçün arxasında gizləndiyimiz bəhanələri yıxıb "başlamaq" lazımdır. Sağlam qidalanmağa, öyrənməyə, idmana, yogaya, gəzməyə, oxumağa və s. Elə indi oturduğunuz (uzandığınız) yerdən qalxın və başlayın. 💪
Qoyun sabahki siz bugünki sizlə fəxr etsin! 🥰
